
Azərbaycan musiqi mədəniyyətinin inkişafında əhəmiyyətli rol oynamışdır. Xanəndəlik sənətini Şuşada Xarrat Qulunun məktəbində və məşhur xanəndə Məşədi İsidən öyrənmişdir. Qarabağ məktəbinin digər görkəmli nümayəndələri ilə yanaşı, yaradıcılığında muğam sənətini inkişaf etdirmiş, Azərbaycan muğamının şöhrətini hər yana yaymışdır. Onun repertuarında klassik muğamlar, təsnif və xalq mahnıları əsas yer tuturdu. Geniş diapazonlu güclü və zil səsə malik xanəndə bütün muğam dəstgahları və zərbi muğamları ustalıqla oxuyurdu. Keçəçioğlu Məhəmməd öz sənətinə tələbkarlıqla yanaşan və öz üzərində daim, yorulmaq bilmədən çalışan xanəndə olmuşdur. Oxuduğu “Zəmin – xarə”, “Hümayun” kimi muğamlarla o, dinləyiciləri ələ almağı və öz bənzərsiz ifası ilə onları valeh etməyi bacarırdı. Keçəçioğlu Məhəmməd klassik muğamları, həmçinin, “Nəva”, “Mahur” və “Bayatı-Qacar” muğamını orijinal bir şəkildə, özünəməxsus cəhətlərlə ifa edirdi. Bununla yanaşı, o, xüsusən zərbi muğamların təbliğatçısı kimi tanınmışdır. 1904-cü ildən Bakıda feaəliyyət göstərmiş, Qurban Pirimov, Məşədi Zeynal kimi tarzənlərlə birgə musiqi məclislərində və toylarda, Şərq konsertlərində çıxış etmişdir. Onun ifasında bir sıra muğam, təsnif və xalq mahnıları 1912-ci ildə “Sport-rekord” (Varşava), 1914-cü ildə “Ekstrafon” (Kiyev) şirkətləri tərəfindən qrammofon valına yazılmışdır. Burada Keçəçioğlu Məhəmməd “Rahab”, “Şahnaz”, “Dəşti”, “Çoban bayatı” muğamlarını, “Heyratı”, “Qarabağ şikətəsi” zərbi muğamlarını ifa etmiş, eyni zamanda, o, “Getdi-gəlmədi”, “Gülə-gülə”, “Xuraman”, “Axşam oldu” təsniflərini də vala yazdırmışdır. Xüsusilə, onun “Leyli” təsnifi dillər əzbəri olmuşdur. Xanəndə Şərq konsertlərində çıxışları ilə də xalqın məhəbbətini qazanmışdır. Xüsusilə, onun Cabbar Qaryağdıoğlu ilə birgə Füzulinin “Leyli və Məcnun” poemasından səhnələri duet şəklində oxumaları çox məşhur idi. Onun qastrol səfərləri də qeyd olunmalıdır. Xanəndəliklə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Keçəçioğlu Məhəmməd bütün qüvvəsini və biliyini musiqi mədəniyyətimizin inkişafına həsr etmişdir. 1926-cı ildə Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Keçəçioğlu Məhəmməd Azərbaycan Dövlət Konservatoriyasına dəvət edilir. O, burada Azərbaycanın bir çox xanəndələrini yetişdirmişdir.